Xocalı soyqırımının şahidi, o məşum gecə həyat yoldaşı Səadət Abbasovanı itirmiş, özü isə girovluq həyatını yaşamış Valeh Hüseynovun təşəbbüsü, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə əvvəlcə Respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda gedən savaş zamanı şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Birliyin sədri Ceyran Əzizova qarşıda dayanan məsələlərdən danışdı. Şəhid ailəsi Tacirə Qaçay qızı Xəlilova, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Ələsgər Novruzovun həyat yoldaşı Şəkibə xanım, soyqırımın şahidi şəhid Ramil Məmmədovun həyat yoldaşı Vəsilə Məmmədova, həmçinin, hər 2 valideynini itirmiş Həmayıl Xəlilova, Mübariz Hacıyev, şəhid Əkbərin həyat yoldaşı Mətanət xanım Xocalı soyqırımı zamanı törədilən erməni vəhşiliyindən danışdılar. Valeh müəllim anım tədbirinin əmisi Zəkara kişinin ailə üzvlərinin və həyat yoldaşı Səadət Abbasovanın xatirəsinə həsr edildiyini qeyd etdi. Əməkdar müəllim Zülfiyyə Vəliyeva, "Aran Media Group"un rəhbəri Şeyda Əzizqızı, jurnalist Atlas Xanlar qızı və başqaları Xocalı soyqırımının qurbanlarının ailə üzvlərinə başsağlığı verdilər.Şairə Nazlı Yazar Vətənə həsr edilən şeirlərini söylədi.Tədbir ehsan süfrəsi ətrafında davam etdirildi.
Şamil Sabiroğlu,
jurnalist.